ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

AVROPA SURASI

AVROPA ŞURASI

 NAZİRLƏR KOMİTƏSİ

 _____________________

 

Dağlıq Qarabağa dair

 

BƏYANNAMƏ

 

(Nazirlər Komitəsi tərəfindən 11 mart 1992-ci ildə Nazir müavinlərinin 471-ci iclasında qəbul edilmişdir)   

Nazirlər Komitəsi, insanların fərq qoyulmadan qətlə yetirilməsi və zorakılıq aktları haqqında son məlumatlardan dərindən narahat olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində mülki əhaliyə qarşı zorakılıq və hücumları kəskin şəkildə pisləyir. O qeyd edir ki, məsələnin güc vasitəsilə həlli beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməz.  

Nazirlər Komitəsi fevralın 28-də Praqada ATƏM iştirakçı dövlətlərinin dərhal və effektiv atəşkəs, regiona silahların daşınmasına embarqo qoyulması və humanitar yardımın göndərilməsi üçün təhlükəsiz dəhlizlərin yaradılmasına dair tövsiyələrini dəstəkləyir. O bir daha qeyd edir ki, Dağlıq Qarabağda böhranın istənilən həlli qanunun aliliyinə, demokratiya, insan hüquqları və azlıqların üzvlərinin hüquqlarına dair təminatlara və yalnız sülh yolu və ümumi razılıqla dəyişilə bilən bütün, istər daxili, istərsə də xarici sərhədlərin pozulmamasına hörmət edilməsinə əsaslanmalıdır.

Nazirlər Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin mübahisəyə kömək etməsinə dair münaqişə tərəflərinin razılığını alqışlayır və ümid edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər qeyri-hökumət təşkilatları bu mübahisənin qurbanlarına humanitar yardımın verilməsində aparıcı rol oynayacaqlar.  

Nazirlər Komitəsi mübahisənin sülh yolu ilə həllinin əldə edilməsi üçün bütün vasitəçilik səylərini dəstəkləyir. Effektiv atəşkəsə nail olunduqda, mübahisə bütün maraqlı tərəflər, o cümlədən Dağlıq Qarabağın yerli idarəetmə orqanları və nümayəndələri arasında danışıq vasitəsilə həll edilməlidir. Danışıqlar ATƏM çərçivəsində qəbul olunmuş Helsinki Yekun Aktı və Paris Xartiyasının hərf və ruhuna, və xüsusilə mübahisələrin sülh yolu ilə tənzimlənməsi öhdəliyinə hörmət prinsipinə əsaslanmalıdır.  

 


AVROPA ŞURASI

 

NAZİRLƏR KOMİTƏSİ

 

_________________________

 

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair

 

BƏYANNA

 

(Nazirlər Komitəsi tərəfindən 15 aprel 1993-cü il tarixində Nazir müavinlərinin 492-ci iclasında qəbul edilmişdir)
Nazirlər Komitəsi
Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi və, xüsusilə, döyüş ərazisinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna qədər genişlənməsi ilə əlaqədar ciddi narahatdır. Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası Sədrinin bütün hərbi əməliyyatların dərhal dayandırılması tələbini dəstəkləyir və regionun sülh və təhlükəsizliyinə təhlükə yaradan bütün qüvvələrin çıxarılmasına çağırır.  

Münaqişənin uzunmüddətli həllinin yalnız beynəlxalq hüquq və Avropa Şurası və ATƏM-in prinsip və öhdəliklərinə hörmət, xüsusilə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, azlıqların müdafiəsi və insan hüquqları və əsas azadlıqlarına hörmət edilməsi vasitəsilə əldə oluna biləcəyinə əmin olan Nazirlər Komitəsi:  

- döyüş ərazisinin Azərbaycanın Kəlbəcər rayonunadək genişlənməsinin bütün regionun demokratik gələcəyi və sabitliyinə təhdid yaradacağı ilə əlaqədar artan təhlükəyə dair ciddi narahatçılığını ifadə edir;

- bu vəziyyətin ATƏM çərçivəsində siyasi danışıqlar prosesinə təhlükə olması faktına təəssüflənir;  

- güc vasitəsilə həllin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməyəcəyini bəyan edir;  

- həmçinin mülki əhalinin əzablarını yüngülləşdirmək məqsədilə regiona və xüsusilə, münaqişənin təsir etdiyi bütün ərazilərə beynəlxalq humanitar yardım səylərinin maneəsiz buraxılmasına çağırır;  

- münaqişə tərəflərinindən sülh yolu ilə tənzimlənməyə daha artıq təhlükə yaradacaq hər hansı hərəkətdən çəkinməyi təkidlə tələb edir;  

- hərbi əməliyyatlara son qoyulmasının yeganə yolunun, gücdən istifadə etməkdən imtina etməklə yanaşı, ATƏM-in Minsk qrupu çərçivəsində danışıqların vicdanla aparılması olduğunu qeyd edir.  

 

 

 

 

AVROPA ŞURASI

 

NAZİRLƏR KOMİTƏSİ

 

______________________

 

KOMMÜNİKE

 

«Avropa Şurası Cənub-Şərqi Avropa və Qafqaza dair fəaliyyətini artırır»  

(9 noyabr 2000-ci il tarixində Nazirlər Komitəsinin 107-ci iclasında qəbul edilmişdir)

 

 

 

Nazirlər Komitəsi İtaliyanın xarici işlər naziri cənab Lamberto Dininin sədrliyi ilə 2000-ci ilin noyabrın 9-da Strasburqda 107-ci iclasını keçirdi.

 

Baş Katibin dəvəti ilə, iclasdan öncə 2000-ci ilin noyabrın 8-də qeyri-rəsmi görüş keçirilmişdir...

 

Nazirlərin 9 noyabrda rəsmi görüşü Prezident Kaştunitsa ilə onun ölkəsində müsbət inkişafa dair fikir mübadiləsi ilə açıldı...

 

Fikir mübadiləsi Cənub-Şərqi Avropa, o cümlədən Moldova, və Qafqazda demokratik sabitliyin gücləndirilməsində Avropa Şurasının töhfəsinə dair müzakirələrlə davam etdirilmişdir...

 

Cənubi Qafqazın namizəd dövlətlərinə gəlincə isə, hər iki ölkənin Avropa Şurasının tələb olunan standartlarının yerinə yetirilməsinə, o cümlədən Azərbaycanda 5 noyabr 2000-ci ildə keçirilən seçkilərə münasibətdə Nazirlər müəyyən narahatlıqla vəziyyəti nəzərə aldılar. Nazirlər Təşkilata daxil olmaq üçün Ermənistan və Azərbaycanı eyni vaxtda dəvət etməyi qərara aldılar (və bu ölkələrin Xarici işlər nazirlərinin bəyanatlarını razılıqla nəzərə aldılar) və bəyan etdilər ki, iki Dövlətin qəbul tarixi 2001-ci ilin yanvarında Nazir Müavinlərinin görüşündə nəzərdən keçiriləcək. Onlar qeyd etdilər ki, Ermənistan və Azərbaycan öz demokratik təsisatlarını, insan hüquqlarına hörməti və qanunun aliliyini gücləndirməyi davam etdirməlidirlər. Nazirlər Avropa Şurasının bu məqsədlə əməkdaşlıq etməyə hazır olduğunu təkrarladılar. Onlar, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllində təxirə salınmadan real nəticələr əldə etməyi Ermənistan və Azərbaycandan təkidlə tələb etdilər.

 


AVROPA ŞURASI

 

PARLAMENT ASSAMBLEYASI

 

_______________________________

 

Dağlıq Qarabağ münaqişəsinə dair

 

QƏTNAMƏ 1047 (1994)

 

 

1. Assambleya razılıqla qeyd edir ki, 1994-cü ilin mayın 12-də qüvvəyə minmiş Dağlıq Qarabağda atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və ümid edir ki, o, mümkün qədər tezliklə müharibə edən tərəflər arasında sülh sazişi ilə nəticələnəcək.

 

2. 1988-ci ildə başlamış bu münaqişə artıq 20 min insanın ölümü və bir milyondan çox qaçqınların olması ilə nəticələnmişdir.

 

3. Assambleya müharibə tərəflərini sülh sazişinin imzalanmasına həvəsləndirmək üçün ATƏM-in Minsk qrupu, Rusiya Federasiyası hökuməti, BMT Təhlükəsizlik Şurası, MDB Parlamentlərarası Assambleya və özünün Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsinin səylərini razılıqla qeyd edir.

 

4. O, Ermənistan və Azərbaycanın müdafiə nazirləri və Dağlıq Qarabağ ordusunun komandanı tərəfindən 26 iyul 1994-cü ildə imzalanmış, atəşkəsə riayət etmək öhdəliklərini və siyasi sazişin imzalanmasını sürətləndirmək səylərini təsdiq etdikləri sazişi alqışlayır və bütün müharibə tərəflərini 12 may 1994-cü ildən qüvvədə olan qeyri-sabit atəşkəsə təhlükə yarada biləcək hər hansı düşmənçilik hərəkətindən çəkinməyə təkidlə çağırır.

 

5. O, sülh sazişinin imzalanmasına bütün imkanları çərçivəsində, xüsusilə maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoqun həvəsləndirilməsi yolu ilə, yardım etmək üçün hazır olduğunu bəyan edir.

 

6. Nəhayət, o, müharibə tərəflərini qaçqınların təcili əsasda evlərinə qayıtmasını təşkil etməyə və onun 1201 saylı Tövsiyəsində dəstəkləndiyi kimi azlıqların hüquqlarına hörmət etməyə çağırır, və Azərbaycan və Türkiyəni onların Ermənistanla olan kommunikasiya vasitələrinin blokadasına dərhal son qoymağa təkidlə çağırır.

 

 

 

 


AVROPA ŞURASI

 

PARLAMENT ASSAMBLEYASI

 

__________________________

 

Dağlıq Qarabağda münaqişəyə dair

 

TÖVSİYƏ 1251 (1994)1

 

 

1.  Assambleya qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlamış və artıq təxminən 20 000 insanın ölməsi və bir milyondan artıq qaçqının olması ilə nəticələnmişdir.

 

2. Onun Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsi 1992-ci ildən etibarən Ermənistan və Azərbaycanın Parlamentləri, «Dağlıq Qarabağın rəhbərliyi» və «Dağlıq Qarabağın maraqlı Azərbaycan tərəfi»nin nümayəndələrinin qatıldığı dinləmələr silsiləsini təşkil etmişdir.

 

3. Assambleya razılıqla qeyd edir ki, 1994-cü il mayın 12-də qüvvəyə minmiş atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və ümid edir ki, o, mümkün qədər tezliklə bütün maraqlı tərəflərin imzaladığı sülh sazişi ilə nəticələnəcək.

 

4. O, müharibə edən tərəflərin sülh sazişini imzalamağa həvəsləndirmək üçün ATƏM-in Minsk Qrupu, BMT Təhlükəsizlik Şurası, Rusiya Federasiyasının Hökuməti və MDB Parlamentlərarası Assambleyasının səylərini, həmçinin 26 iyul 1994-cü ildə Ermənistan və Azərbaycanın Müdafiə nazirləri və Dağlıq Qarabağ ordusunun komandiri tərəfindən imzalanmış, atəşkəsə riayət etmək öhdəliklərini və siyasi sazişin imzalanmasını sürətləndirmək səylərini təsdiq etdikləri sazişi alqışlayır.

 

5. Assambleya, beləliklə, tövsiyə edir ki, Nazirlər Komitəsi:

 

i. Avropa Şurasının üzv dövlətlərinin hökumətlərini ATƏM-in Minsk Qrupunun öz məqsədlərinə, xüsusilə müharibə zonasında beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə nail olması üçün lazımi vasitələri ona təqdim etməyə çağırsın;

 

ii. Ermənistan və Azərbaycanın rəhbərliyi ilə siyasi dialoqu bərpa etsin;

 

iii. şərtlər yerinə yetirilən kimi öz əməkdaşlıq proqramlarını Ermənistan və Azərbaycanın üzünə açsın və, əgər bu tərəflər istəsələr, Dağlıq Qarabağ üçün siyasi statusu müəyyən etməyə kömək edə biləcək ekspertləri onların öhdəliyinə təqdim etsin.

 

__________

 

1. Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə tərəfindən 1994-cü ilin noyabrın 10-da qəbul edilmişdir.

 

Bax Sənəd 7182, Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitənin məruzəsi, məruzəçilər: cənab Pfuhl və cənab Sole Tura

 

 

 

 

 

AVROPA ŞURASI

 

PARLAMENT ASSAMBLEYASI

 

__________________________

 

Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair

 

QƏTNAMƏ 1059 (1995)1

 

1. Assambleya 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycanda ifadə edilə bilməyən insan əzabları, minlərlə həlak olanlar, on minlərlə yaralı və bir milyondan artıq qaçqın və məcburi köçkünlərlə nəticələndiyindən təəssüflənir.

 

2. Son rəqəm hədələr, törədilmiş vəhşiliklərə dair məruzələr və 1991-ci ildən öncə Sovet hakimiyyətinin əmrlərindən sonra öz evlərini tərk etməyə məcbur edilən yüz minlərlə insanı əhatə edir.

 

3. Ermənistan və Azərbaycanın 1991-ci ildə müstəqilliklərini elan etmələrindən sonra onların iqtisadiyyatları ciddi şəkildə tənəzzül etmişdir. Vəziyyət münaqişənin və qonşu ölkələrin tətbiq etdikləri iqtisadi blokadanın təsiri ilə pisləşmişdir.

 

4. Nəticədə, hər iki ölkənin əhalisi həyat səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə məruz qalmışdır, və artmaqda olan çətinliklərlə, o cümlədən yüksələn işsizlik və kəskin su, yanacaq və enerci qıtlığı ilə üzləşir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hər iki ölkədə bir milyondan artıq insan hazırda yoxsulluq səviyyəsindən aşağı yaşayır.

 

5. Əsasən qaçqınlar və, xüsusilə Azərbaycanda tələblərə cavab verməyən çadırlarda yaşayanlar əsas istilik, qida və tibbi yardım qıtlığının olmasından kəskin çətinliklərlə üzləşirlər.

 

6. Birləşmiş Millətlər Təşkilatının yardım proqramları hər iki ölkədə 1992-ci ilin dekabrından təsis edilmişdir. Lakin, onların maliyyələşdirilməsi vəziyyətin ehtiyaclarını təmin etməkdə yetərli deyil.

 

7. Bundan əlavə, BMT agentlikləri bazar iqtisadiyyatına keçid, mərkəzsizləşdirmə və səhiyyə və təhsil proqramları üçün məlumatlarla təminata dair hər iki hökumətə məsləhətlər verir və yardım göstərir. Buna baxmayaraq, aidiyyatı ölkələrdə, o cümlədən Gürcüstandakı ayrı-ayrı qərargahlardan hazırda idarə olunan bu xidmətlər əməkdaşlıq yolunda müəyyən maneələrlə çətinləşmişdir, və onların təqdim edilməsi təcrübə, idarəetmə və vəsaitlərin uzun müddətə ən effektiv şəkildə hərəkətə gətirilməsini əks etdirməyə bilər.

 

8. Assambleya 12 may 1994-cü ildə qüvvəyə minmiş atəşkəsi alqışlayan, bütün tərəfləri buna ziyan vura biləcək hər hansı düşmənçilik aktından çəkinməyə çağıran və, xüsusilə maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoqu həvəsləndirməklə sülh sazişinin imzalanmasına bütün qüvvəsi ilə yardımını təklif edən 1251 saylı (1994) Qətnaməsini yada salır.

 

9. Assambleya müharibə edən tərəflərə geri qayıtmaq arzusunda olan qaçqınların, başqa yerdə məskunlaşmaq istəyənlərə kompensasiya vermək şərti ilə, öz evlərinə mümkün qədər erkən qayıtmasını təşkil etmək; azlıqların hüquqlarına hörmət etmək; və onlar arasında olan bütün nəqliyyat və rabitə vasitələri üzərində blokadaya və Rusiya və Türkiyənin tətbiq etdikləri blokadaya dərhal son qoymaq çağırışlarını təkrar qeyd edir.

 

10. Assambleya təkid edir ki:

 

i. Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri təcili yardım və səhiyyə, təhsil, bərpa və inkişafa dair uzunmüddətli proqramların təqdim edilməsində BMT agentlikləri və qeyri-hökumət təşkilatları ilə geniş əməkdaşlıq etsinlər;

 

ii. Gürcüstan hökuməti BMT-nin yardımı ilə Mesxeti türklərinin geri qayıtması və məskunlaşdırılmasını qəbul etsin və BMT-ni bu xüsusilə zəif qrupun vəziyyətinə  xüsusi diqqət yetirməyə çağırır;

 

iii. Avropa İttifaqı, özünün Humanitar İdarəsi vasitəsilə, Cənubi Qafqaz əhalisinin zəif təbəqələrinə yardımını artırsın.

 

11. Nəhayət, Assambleya Qafqazda sülhün yenidən bərpasına yardım etmək və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün daha geniş beynəlxalq səylərin göstərilməsinə çağırır və bu məqsədlə, üzv dövlətlərin hökumət və parlamentlərini yetmiş illik təcriddən çıxmaqda olan bu regiona öz yardım, təcrübə və əməkdaşlıq təkliflərini etməyə təşviq edir.

__________

 

Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə tərəfindən 15 mart 1995-ci ildə qəbul edilmişdir.

 

Bax Sənəd 7250, Miqrasiya, Qaçqınlar və Demoqrafiya üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Atkinson; və Sənəd 7266, Avropanın Qeyri-üzv Ölkələri ilə əlaqələr üzrə Komitəsinin rəyi, məruzəçi: cənab Ceszenszki.

 

 

 

AVROPA ŞURASI

 

PARLAMENT ASSAMBLEYASI

                                                              

__________________________

 

Ermənistan və Azərbaycanda qaçqın və mücburi köçkünlərin humanitar vəziyyətinə dair

 

TÖVSİYƏ 1263 (1995)

 

 

1. Assambleya, Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 saylı (1995) Qətnaməsinə istinad edərək, tövsiyə edir ki, Nazirlər Komitəsi:

 

i. Dağlıq Qarabağa görə amansız münaqişənin qurbanlarına və, xüsusilə öz evlərindən qovulmuş şəxslərə beynəlxalq yardımın tamamilə qənaətbəxş olmamasından irəli gələn gərgin vəziyyəti təcili şəkildə nəzərdən keçirsin;

 

ii. Avropa Şurasının genişlənməsinə dair 1247 saylı (1994) Qətnaməsindən sonra, Avropa Şurasının Sosial İnkişaf Fondu və onun üzv dövlətlərini, özünün fövqəladə hallar üçün nəzərdə tutulmuş hesabı vasitəsilə, Birləşmiş Millətlər Təşkilatı və cəlb olunmuş digər beynəlxalq təsisatlarla mümkün əlaqədə, Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlərə fondun maliyyələşdirməsindən yararlanmaq imkanı verməyə dəvət etsin;

 

iii. Bütün üzv dövlətlərin hökumətlərini:

 

a. Birdəşmiş Millətlər Təşkilatının agentlikləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası və qeyri-hökumət təşkilatları vasitəsilə edilən beynəlxalq yardıma Qafqazda qarşıdan gələn bir çox illər üçün ehtiyac duyulduğunu təsdiq etməyə və bunun nəticəsində onların gələcək müraciətlərinə səxavətlə cavab verməyə;

 

b. Qarabağ və onun ətrafındakı ərazinin minalardan təmizlənməsi üçün tələb olunan mütəxəssis və işçi qüvvəsini təklif etməyə;

 

c. Fələstində BMT-nin qaçqınlara yardım və işlər Agentliyinə (UNRWA) müvafiq Qafqaz üçün birləşmiş BMT agentliyinin yaradılması və Tbilisidə regional qərargahın və ya oxşar əlaqələndirmə mexanizminin təsis edilməsini nəzərdən keçirməyə;

 

d. xüsusilə insan hüquqları, parlament demokratiyasının tətbiq olunması və, müvafiq olan zaman, azlıqların hüquqlarının və mədəni xüsusiyyətlərinin müdafiəsi sahələrində Avropa Şurasının yardım, mütəxəssis və əməkdaşlıq təkliflərini təsdiq etməklə Ermənistan, Azərbaycan və Gürcüstanın hakimiyyətləri ilə siyasi dialoq təsis etməyə dəvət etsin.

 

 

 

 

 

 


 AVROPA ŞURASI

 

PARLAMENT ASSAMBLEYASI

 

__________________________

 

Zaqafqaziyada münaqişələrə dair

 

QƏTNAMƏ 1119 (1997)1

 

 

1. Assambleya hesab edir ki, Zaqafqaziya münaqişələrində, xüsusilə Abxaziya və Dağlıq Qarabağda 1994-cü ilin mayından etibarən atəşkəsin qüvvədə saxlanılması gərginlik zonalarında siyasi sabitliyin yaradılmasına kömək etməlidir.

 

2. Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin keçirdiyi müxtəlif dinləmələrdən sonra o ümid edir ki, bu münaqişələrin siyasi həlli istiqamətində sürətli, həlledici irəliləyiş ediləcək.

 

3. Hər üç Zaqafqaziya ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstan – xüsusi qonaq statusuna malikdirlər və Avropa Şurasının tam üzvlüyü üçün müraciət etmişlər. Assambleya hesab edir ki, bütün tərəflərin bu münaqişələri həll etmək üçün həqiqi siyasi iradəsi qəbul prosedurlarını sürətləndirməyə kömək edəcək.

 

4. Assambleya bu münaqişələrə bilavasitə və ya dolayı yolla cəlb olunmuş bütün tərəfləri, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının həyata keçirdiyi vasitəçilik işində konstruktiv şəkildə iştirak etməyə çağırır.

5. Bu iki münaqişənin xarakterinə görə fərqli olmasına baxmayaraq, Assambleya vurğulayır ki, cəlb olunan bütün tərəflər onların siyasi həllinə dair danışıqları, xüsusilə 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyasına əsaslanan aşağıdakı prinsiplər üzərində aparmalıdırlar:

 

i. sərhədlərin pozulmazlığı;

 

ii. aidiyyatı ərazilərdə bütün xalqların, xüsusilə çoxmillətli sülhməramlı qüvvələr vasitəsilə təmin olunmuş təhlükəsizliyi;

 

iii. Abxaziya və Dağlıq Qarabağ üçün bütün maraqlı tərəflərin razılaşdırdığı geniş muxtariyyət statusu;

 

iv. qaçqın və məcburi köçkünlərin geri dönmək hüququ və insan hüquqlarına hörmət kimi onların vətəndaşlığının bərpa olunması.

 

6. Assambleya hesab edir ki, Zaqafqaziya ölkələrində qanunun aliliyi, plüralist demokratiya, insan hüquqlarının müdafiəsi və ictimai bazar iqtisadiyyatının yaradılmasında Avropa Şurası həqiqi töhvə verməlidir.

 

A. Abxaziya ilə əlaqədar,

 

7. Assambleya Tbilisi və Suxuminin mövqeləri arasında xoş münasibətlərin bərpa olunmasının müəyyən əlamətlərini qeyd etməkdə maraqlıdır və ümid edir ki, yuxarıda qeyd olunmuş prinsiplər əsasında məsələnin danışıqlar vasitəsilə əldə olunmuş siyasi həllinə tezliklə nail olunacaq.

 

8. O ümid edir ki, maraqlı tərəflər, həmçinin Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Rusiya Federasiyasının səyləri tezliklə Tbilisi və Suxumi üçün əlverişli təsisati balansın yaradılmasına aparacaq ki, qaçqınlar yüksək təhlükəsiz şəraitdə geri dönə və region əhalisi sülh və iqtisadi çiçəklənməyə qayıda bilsin.

 

B. Dağlıq Qarabağa münasibətdə,

 

9. Assambleya Ermənistan və Azərbaycan parlament nümayəndələri arasında, xüsusilə onun Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin 26 yanvar 1997-ci ildə təşkil etdiyi Zaqafqaziyada münaqişələrə dair seminarının bir hissəsi kimi davam edən dialoqu və bununla əlaqədar münaqişənin erkən həllinin təmin edilməsi məqsədilə danışıqları davam etdirməyə həvəsləndirən Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsini alqışlayır.

 

10. O, işğal edilmiş ərazilərin qaytarılması və qaçqın və köçkünlərin geri dönməsi, Dağlıq Qarabağın əlverişli alternativ statusu, həmçinin onun təhlükəsizliyinə təminat verən münaqişənin siyasi həllinə nail olmaq məqsədilə bütün münaqişə tərəflərini birbaşa danışıqları gücləndirməyə çağırır.

 

11. Nəhayət o, üç Zaqafqaziya ölkəsiErmənistan, Azərbaycan və Gürcüstanınnəticə etibarı ilə Zaqafqaziya dövlətləri birliyinin yaradılması və birgə parlament assambleyasının təsis edilməsini nəzərdən keçirəcəyinə dair arzusunu ifadə edir.

___________________

 

1. 22 Aprel 1997-ci ildə Assambleyanın müzakirəsi (10 və 11-ci iclas) (bax Sənəd 7793, Avropanın Qeyrizv Ölkələri ilə Əlaqələr üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Sietlinger)

Qətnamənin mətni 22 aprel 1997-ci ildə Assambleya tərəfindən qəbul edilmişdir (11-ci iclas).