ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Akif Nağı. QARABAĞ ÇAĞIRIŞI yaxud Minsk qrupunun iflasına gətirən yol

QARABAĞ ÇAĞIRIŞI yaxud Minsk qrupunun iflasına gətirən yol

Akif Nağı


Minsk qrupu həmsədrlərinin BMT Baş Assambleyasına təqdim olunmuş qətnamənin əleyhinə səs vermələri ciddi nəticələrin çıxarılması üçün vaxtın çatdığını göstərir. Artıq qəbul olunmuş qətnamənin müddəaları ilk baxışdan heç bir etiraz doğurmamalı idi. Burada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təsdiqi, erməni qüvvələrinin bütün işğal olunmuş ərazilərdən çıxarılması, qaçqın və köçkünlərin öz yurdlarına qaytarılması, erməni işğalı nəticəsində yaranmış status-kvonun beynəlxalq birlik tərəfindən tanınmaması kimi məsələlər öz əksini tapırdı. Bu məsələlərdən hansının həmsədrləri narazı saldığını tam yəqinləşdirmək çətindir. Onların sonradan verdikləri bəyanatlar və izahatlar da məsələyə aydınlıq gətirmədi, əksinə, fikirləri bir az da dolaşdırdı. Azdan-çoxdan konkretləşdirilən fikir ondan ibarət oldu ki, həmsədrlər qətnamənin “balanslaşdırılmamış” məzmunundan narazı qalıblar. “Balanslaşdırma” adı altında nəyi nəzərdə tutduqlarını isə hələlik açıqlamırlar. Əslində həmsədrlərin açıqlamalarına elə bir ehtiyac yoxdur. Hər şey açıq və ortadadır. Həmsədr ölkələr–ABŞ, Rusiya və Fransa bu günə qədər ört-basdır etdikləri mövqelərini açmalı olublar. Onların işğalçı Ermənistanı himayə edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına almaları göz qabağındadır. Maraqlı məqamlardan biri də diqqəti çəkir. Bu qətnamənin son bəndlərindən biri də erməni işğalı nəticəsində yaranmış status-kvonun, yəni zəbt olunmuş ərazilərdə işğalçı Ermənistanın yaratdığı qondarma qurumun beynəlxalq birlik tərəfindən tanınmaması çağırışı ilə bağlıdır. Bizim qənaətimizə görə, həmsədr ölkələri daha çox narahat edən bu bənddir. Məhz bu müddəa Azərbaycanın təslimçi sülhə təhrik dilməsi planlarını alt-üst edir. Həmsədrlər fəaliyyətə başladıqları ilk gündən bu birgə planı reallaşdırmağa çalışmışlar. Təsadüfi deyil ki, Rusiya və ABŞ rəsmiləri yalnız  Qarabağ məsələsi ilə bağlı problemsiz əməkdaşlıq etdiklərini dəfələrlə bildirir və başqa sahələr üçün nümunə göstərirlər. Misal üçün, eyni sözləri Abxaziya, Osetiya və yaxud hər hansı digər məsələ ilə bağlı demək olmaz. Bu cür mövqe birliyi haradan qaynaqlanır? Haradan qaynaqlandığı vacib deyil, lakin biz bu prosesin özünü dayandıra bilməsək, fəlakətli nəticələr özünü çox da gözlətməyəcəkdir.  Qarabağ məsələsi ilə bağlı ABŞ və Rusiya arasında razılaşma ehtimalı çox böyükdür. Biz BUNU dəfələrlə demişdik. BMT-dəki son səsvermə dediklərimizi bir daha təsdiq etdi. Bu səsvermə 16 illik vasitəçilik missiyasının labüd nəticəsi idi. “Vasitəçilik yolu”na ötəri baxış deyilənləri əyani şəkildə sübut edir.

      Xocalı soyqırımından və ermənilərin digər vəhşiliklərindən sonra beynəlxalq təşkilatlar  Qarabağ məsələsinə diqqəti artırdılar. BMT-nin təşəbbüsü ilə vasitəçilik missiyası ATƏT-ə (ATƏM-ə) həvalə olundu. Bu qurum 1992-ci il martın 24-də Minsk qrupunu formalaşdırdı. Minsk qrupuna 11 dövlət –Azərbaycan, Ermənistan, Belorus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsveç, Çexoslovakiya (bu ölkə bölünəndən sonra isə Çexiya və Slovakiya) daxil oldular. Minsk qrupuna Sülh konfransının hazırlanması və çağırılmasına dair mandat verildi. Bu Konfrans “böhranın beynəlxalq prinsip və öhdəliklərə uyğun olaraq nizama salınması məqsədilə danışıqların aparılması üçün daimi fəaliyyət göstərən foruma çevrilməli idi”. Ermənistanın işğalçı hərəkətləri Konfransın çağırılmasına imkan vermədi. Minsk qrupu isə ilkin mandatına uyğun olmayan fəaliyyətini davam etdirdi. Müvəqqəti sədrlik, daha sonra isə daimi həmsədrlik institutu Minsk qrupunun ilkin mahiyyətini dəyişdirərək, onu mənasız quruma çevirdi.

Atəşkəs haqda saziş imzalandıqdan dərhal sonra beynəlxalq vasitəçilər xeyli fəallaşdılar. ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumların fəaliyyəti ilk növbədə atəşkəs rejiminin saxlanılmasına, iri hərbi əməliyyatlara yol verilməməsinə yönəlmişdi. Vasitəçilər ilk olaraq qoşunların cəbhə xəttindən çəkilməsi ilə bağlı təkliflər verdilər. Rusiyanın 1994-cü ilin yayında təklif etdiyi plana görə, 5-15 km-lik bufer zona yaradılması, regiona 1800 nəfərlik rus ayırıcı qüvvələrinin yeridilməsi, 49 müşahidə postunun yaradılması, idarəetmə məntəqəsinin Ağdamda yerləşdirilməsi nəzərdə tutulurdu. ATƏT uyğun olaraq 10-km-lik bufer zonası, Türkiyə, Rusiya, Avstriya, Macarıstan hərbçilərindən ibarət 1600-2000 nəfərlik ayırıcı qüvvə, çevik nəzarət qrupları ilə bağlı təkliflərlə çıxış etdi. Bu plan həmçinin dayaq bazasının Türkiyənin Ərzurum şəhərində yaradılmasını nəzərdə tuturdu. Bu və sonralar irəli sürülən təkliflərin heç biri reallaşdırılmadı.

ATƏM-in (ATƏT-in) 1994-cü ilin dekabrında Budapeştdə keçirilmiş sammitində Minsk qrupunun idarə olunması ilə bağlı dəyikşiklikər edildi, həmsədrlik institutu yaradıldı. Rusiya və İsveçin nümayəndələri həmsədr oldular (1995-ci ildə İsveçi Finlandiyanın nümayəndəsi əvəz etdi). Budapeşt sammiti tərəfindən Minsk qrupu qarşısında iki əsas vəzifə qoyuldu: atəşkəs rejiminin davam etdirilməsinə nail olmaq və “silahlı münaqişənin dayandırılmasına dair siyasi saziş”in imzalanması üçün danışıqlar aparmaq. İmzalanması nəzərdə tutulan sazişin konsepsiyası Minsk qrupu tərəfindən hazırlanmış bir sıra sənəd layihələrinə əsaslanırdı. Bu layihələr daha çox “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə dair Təxirəsalınmaz tədbirlər Qrafiki” adlanırdı. Hər hansı başqa məsələ, o cümlədən Dağlıq Qarabağın statusu ilə bağlı məsələ Minsk qrupunun mandatına daxil edilməmişdi. Statusun müzakirə edilməsi və qərar qəbul olunması Minsk konfransının səlahiyyətinə daxil idi. Budapeşt sammitində həmçinin münaqişənin nizamlanmasından sonra regiona ayırıcı qüvvələrin yerləşdirilməsi ilə bağlı təklif də müzakirə edildi. Bu təkliflə əlaqədar qərar layihəsinin hazırlanması, müəyyən hazırlıq işələrinin həyata keçirilməsi üçün Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) yaradıldı. YSPQ-nin        mənzil-qərargahı Vyanada yerləşir. 

ATƏT-in 1996-cı ilin dekabrında keçirilmiş Lissabon sammitində müəyyən konkret qərarlar qəbul etməyə cəhd göstərildi. Minsk qrupu münaqişənin nizama salınması üçün 3 əsas prinsipi təklif etdi: Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması; Azərbaycanın tərkibində yüksək idarəetmə dərəcəsi ilə Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi; Dağlıq Qarabağ və onun bütün əhalisi üçün təhlükəsizlik təminatının verilməsi. Bu prinsiplər 53 iştirakçı dövlət tərəfindən müdafiə olundu, yalnız Ermənistan qətnaməyə veto qoydu. Ona görə də sənəd ATƏT-in fəaliyyətdə olan sədrinin yalnız tövsiyyə xarakterli xüsusi bəyanatı kimi qəbul olundu. Bu sənədin elə bir ciddi əhəmiyyəti yox idi. Lissabon sammitinin sonunda Minsk qrupu həmsədrləri institutunun formatında dəyişikliklərlə bağlı razılıq əldə olundu. 1996-cı il dekabrın 30-da ATƏT-in fəailiyyətdə olan sədrinin qərarı ilə Fransa Fınlandiyanın əvəzinə həmsədr təyin olundu. Azərbaycanın bu təyinata etirazlarından sonra ABŞ üçüncü həmsədr təyin edildi. Bununla üç həmsədrdən (ABŞ, Rusiya, Fransa) ibarət yeni struktur formalaşdı. Minsk qrupunun üç həmsədrlik institutunun formalaşdıgı dövrdə beynəlxalq təcrübə baxımından Azərbaycanın haqlı mövqeyini möhkəmləndirən iki hadisə baş verdi. Bu Şotlandiya və Kvebekin taleyi ilə bağlı məsələlər idi. 1998-cı ildə Şotlandiyada referendum keçirildi. Referenduma çıxarılan məsələ müstəqilliklə deyil, yüküsək muxtariyyətlə bağlı idi. Həmin dövrdə beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulandı ki, müstəqilliklə bağlı referendumların keçirilməsüi üçün, ümumiyyətlə, hüquqi mexanizm yoxdur. Kvebeklə bağlı bir qədər əvvəl iki dəfə–1980 və 1995-ci illərdə referendum keçirilmişdi. Həmin referendumlarda da Kvebekin müstəqilliyi deyil, bu əyalətin Kanadanın tərkibində yeri haqda məsələ səsverməyə çıxarılmışdı. 1998-ci ildə isə Kanadanın Ali Məhkəməsi belə bir qərar qəbul etdi ki, “nə Kvebek əyalətinin əhalisi..., nə onun təmsilçi qurumları... beynəlxalq qanunlara görə, birtərəfli qaydada Kanadanın tərkibindən çıxmaq hüququna malikdir”.

Təəssüf ki, bu presedentlərin baş verdiyi dövrdə Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsi ilə bağlı ikili standartlar mövqeyindən çıxış edərək,  fərqli təkliflər irəli sürdülər. Həmsədrlərin “Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş” adlandırdıqları birinci variant 1997-ci il iyul ayının 18-də tərəflərə təqdim olundu. Bu sənəd daha çox “paket həlli variantı” kimi tanınırdı. Məzmun etibarı ilə bu variant bir paketdə birləşdirilən iki anlaşmadan ibarət idi. Sənəd Dağlıq Qarabağın ətrafındakı rayonların azad edilməsi ilə bölgənin özünü idarəetmə statusunun eyni vaxtda müəyyənləşdirilməsini nəzərdə tuturdu. Azərbaycan tərəfi müəyyən şərtlərlə layihəni qəbul etdiyini bildirdi. Ermənistan isə Dağlıq Qarabağın müstəqilliyi üzərində israr edərək layihəni rədd etdi. Bundan sonra beynəlxalq təşkilatlar Ermənistana müəyyən təzyiqlər göstərdi. Təzyiqlərin nəticəsi olaraq Ermənistanın mövqeyi bir qədər yumşaldı. 1997-ci ilin oktyabrında Avropa Şurasının Strasburqda keçirilən sammitində Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış etdilər. Həmsədrlər bu bəyanatın əsasında yeni sənəd layihəsi üzərində işləməyə başladılar. Belə razılıq əldə olundu ki, əvvəlcə rayonların azad edilməsi, kommunikasiyaların açılması və s. məsələlər barədə sənəd hazırlansın, sonra bölgənin statusu ilə bağlı müzakirələrə başlanılsın. 1997-ci il dekabrın 2-də həmsədrlər “mərhələli həll” variantını tərəflərə təqdim etdilər. Lakin bu variantın müzakirəsinə imkan olmadı. 1998-ci il fevralın 3-də Ermənistanda dövlət çevrilişi baş verdi. R. Koçaryan L. Ter-Petrosyanı devirərək, hakimiyyəti ələ keçirdi və dərhal “mərhələli həll” planını rədd etdi. Bu plana görə, Dağlıq Qarabağın ətrafındakı rayonlar 5+1 prinsipi ilə (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, sonra isə Kəlbəcər) azad edilməli idi. Laçının boşaldılması sonraya saxlanılırdı. Sənəddə həmçinin göstərilirdi ki, Ermənistanın silahlı qüvvələri münaqişə zonasını tərk etməli, Dağlıq Qarabağın qüvvələri isə bölgənin inzibati sərhədləri daxilinə çəkilməlidir. Azərbaycanın silahlı qüvvələrinin 5 km geri çəkilməsi və Dağlıq Qarabağın inzibati sərhədləri boyunca bufer zonanın yaradılması nəzərdə tutulurdu. Buraya və Laçın dəhlizinə beynəlxalq sülhyaratma qüvvələri nəzarət etməli idilər. Laçın rayonunun hansı ərazilərinə dinc əhalinin qayıtması Dağlıq Qarabağın statusu ilə eyni vaxtda həll edilməli idi.  Naxçıvanla dəhliz məsələsi sonraya saxlanılırdı. Dağlıq Qarabağın statusu de-fakto müstəqilliyə bərabər idi. Sənədə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində “dövlət və ərazi qurumu” kimi mövcud olmalı idi. Dağlıq Qarabağdakı qondarma “qurum” üçün  konstitutsiya, bayraq, gerb, polis, milli qvardiya, himn və s. atributlar nəzərdə tutulurdu. Şuşanın xüsusi statusu olmalı, bu status Şaumyan rayonunun statusu ilə uyğunlaşdırılmalı idi. Göründüyü kimi, Rusiyanın diqtəsi ilə ermənilərin imtina etdikləri “mərhələli həll” planı da Azərbaycanın maraqlarına uyğun deyildi. 1998-ci il noyabrın 7-də münaqişənin həllinə dair “ümumi dövlət” adı ilə tanınan 3-cü təklif irəli sürüldü. Bu variant mahiyyətcə Dağlıq Qarabağı müstəqil dövlətə çevirmək məqsədi güddüyünə görə Azərbaycan tərəfindən rədd edildi.

2001-ci ilin əvvəlində Qarabağ münaqişəsi ilə bağlı bir sıra yeni müzakirələr və danışıqlar aparıldı. Azərbaycan Respublikasının prezidenti H. Əliyevin təşəbbüsü və iştirakı ilə fevral ayının 23-24-də Milli Məclisdə geniş müzakirələr keçirildi və 6 bənddən ibarət qərar qəbul olundu. Qərarda münaqişənin qarşılıqlı kompromislər yolu ilə nizama salınmasının zəruriliyi göstərildi. Mart ayında Parisdə H. Əliyev və R. Koçaryan arasında danışıqlar aparıldı. Müzakirə olunan məsələlər Ermənistanın maraqlarını kifayət qədər təmin edirdi. Dağlıq Qarabağdakı qondarma “qurum”a yüksək statusun verilməsi nəzərdə tutulur, onun Bakıdan asılılığı faktiki olaraq heçə endirilirdi. Bunun müqabilində erməni tərəfi Dağlıq Qarabağın ətrafındakı 6 rayonun azad edilməsinə və azərbaycanlıların Şuşaya qayıtmasına razılaşırdı. Razılığa görə, Laçın dəhlizi ermənilərə qalır, əvəzində isə Mehri vasitəsi ilə Naxçıvana yol açılırdı. Paris danışıqları 1 ay sonra ABŞ-ın Ki-Uest şəhərində davam etdirildi. Burada Azərbaycan prezidenti yeni təkliflərlə çıxış edərək, Kəlbəcər ərazisi ilə Qarabağ və Ermənistan arasında dəhliz açılması müqabilində Laçının bütövlükdə Azərbaycana qaytarılması tələbini qoydu. Bundan əlavə, H.Əliyev azərbaycanlıların təkcə Şuşaya deyil, Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə də qaytarılmasının vacibliyini göstərdi. Şərtlərin ermənilər üçün sərfəli olmasına baxmayaraq, yenə də İrəvan Moskvanın təzyiqləri altında danışıqlardan geri çəkildi. Azərbaycanın bütün mümkün güzəştlərə hazır olmasına baxmayaraq, Minsk qrupunun vasitəçiliyi ilə aparılan bu danışıqlar birmənalı şəkildə Ermənistanın tələblərinin tam yerinə yetirilməsinə yönəlmişdi. Sonda H.Əliyev acı həqiqəti etiraf etməli oldu: “Aparılan bütün bu danışıqlardan, Minsk qrupunun verdiyi təkliflərdən mənə bir şey aydındır ki, bunlar Dağlıq Qarabağa müstəqilliyə yaxın bir status verməklə məsələni həll etmək, yaxud da tamam müstəqillik vermək istəyirlər”.

2004-cü ilin aprelində danışıqların “Praqa prosesi” deyilən mərhələsi başlandı. Bu prosesin fərqli cəhəti Azərbaycan  və Ermənistanın xarici işlər nazirlərinin mütəmadi, prezidentlərin isə vaxtaşırı birbaşa görüşlərinin keçirilməsi, paket və mərhələli həll variantlarının uzlaşdırılması və status məsələsi ilə bağlı mümkün kompromisin əldə olunması cəhdlərindən ibarət idi. “Praqa prosesi” nin başlıca qüsuru əsas məsələ kimi işğal faktının deyil, Dağlıq Qarabağın statusunun müzakirə olunması idi. Bu prosesin əvvəlində tərəflər həll variantının “paket yaxud mərhələli plan” adlandırılmaması ilə bağlı kompromis əldə etdilər: istənilən halda paket şəklində əldə olunacaq razılaşma mərhələlərlə həyata keçirilməlidir.    

Danışıqların danışıqlar xatirinə davam etdirliməsi üçün bu formula kifayət edir, lakin hər hansı bir nəticənin əldə olunması üçün ümid vermirdi. “Praqa prosesi” çərçivəsində 2005-ci ilin sonunadək prezidentlər 4 dəfə (Varşava–aprel, 2004-cü il; Astana–sentyabr, 2004-cü il; Kazan–avqust, 2005-ci il; Varşava–sentyabr, 2005-ci il), xarici işlər nazirləri isə 11 dəfə görüşdülər. Bu görüşləri təşkil edən Minsk qrupu həmsədrləri tərəflərə “keçid statusu” deyilən variantı müzakirə üçün təklif etdilər. Bu variantın mahiyyəti ondan ibarət idi ki, Dağlıq Qarabağdakı qondarma rejimin de-fakto vəziyyətinin təsdiqlənməsi əvəzində ətraf rayonların bir hissəsi azad oluna bilərdi. Konkret olaraq müzakirəyə çıxarılan məsələlər aşağıdakılardan ibarət idi: 1) “Ermənistan tərəfindən müdafiə edilən Dağlıq Qarabağ qüvvələrinin” bölgə ətrafındakı işğal olunmuş ərazilərin bir hissəsindən çıxarılması; 2) Dağlıq Qarabağı geri qaytarmaq üçün Azərbaycanın güc tətbiqindən imtina etməsi; 3) Beynəlxalq sülhyaratma qüvvələrinin münaqişə zonasına yerləşdirilməsi; 4) Köçkünlərin öz yerlərinə qayıtması; 5) Ticarət münasibətlərinin bərpa edilməsi və yolların açılması; 6) Dağlıq Qarabağın son statusunun orada yaşayan erməni və azərbaycanlıların iştirakı ilə keçiriləcək referendumla müəyyən edilməsi. Referendum keçirilənə qədər Dağlıq Qarabağdakı qondarma rejimin “keçid statusu” ilə mövcudluğunu davam etdirməsi və bu statusa beynəlxalq təminatın verilməsi nəzərdə tutulurdu. Azərbaycan bu varianta konkret münasibət bildirməyərək, əks tərəfin mövqe bildirməsini gözlədi. Ermənistan isə Rusiyanın təzyiqləri altında növbəti dəfə kifayət qədər sərfəli variantdan imtina etdi. R. Koçaryan saziş layihəsində Dağlıq Qarabağın statusunun müstəqil dövlət kimi göstərilməsi tələbini irəli sürdü və bununla da danışıqlar prosesinin yenidən dalana dirənməsinə nail oldu.

Minsk qrupu həmsədrləri 2006-cı ildə nəticə əldə olunacağına böyük ümidlərlə yanaşır, optimist proqnozlar verirdilər. Lakin həmin il də uğursuzluqlarla başlandı. Fevral ayında Fransanın paytaxtı Paris yaxınlığındakı Rambuye qəsrində prezidentlər arasında keçirilən göruş nəticəsiz başa çatdı. R. Koçaryan heç bir ciddi səbəb gətirmədən danışıqları yarımçıq tərk etdi. Onun bu addımı Rusiyanın diqtəsi ilə atdığı aydın oldu. Rambuyedə də Azərbaycanın maraqlarına uyğun olmayan sənəd müzakirə olunurdu. Ekspertlərin fikrinə görə, həmin sənəddə Laçın və Kəlbəcər istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı digər ərazilərin boşaldılması, həmin ərazilərə sülhməramlı qüvvələrin yerləşdirilməsi, 15 ildən sonra statusla bağlı referendumun keçirilməsi, bu dövr ərzində isə Dağlıq Qarabağın mübahisəli ərazi olaraq qalması nəzərdə tutulurdu. Rusiya bir daha münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasında maraqlı olduğunu nümayiş etdirərək Ermənistanın  təklif olunan varianta razılaşmasına imkan vermədi.

ABŞ yaranmış böhran vəziyyətindən çıxmaq üçün ciddi addımlar atmağa başladı. Bu ölkənin yüksək səviyyəli rəsmilərinin bölgəyə dalbadal səfərləri təşkil edildi. İyun ayının ortalarında isə ABŞ administrasiyasına yaxınlığı ilə tanınan Metyu Brayza Minsk qrupuna yeni həmsədr təyin edildi. Bu dövrdə ABŞ-ın Qarabağ məsələsinin həlli ilə bağlı mövqeyinə kifayət qədər aydınlıq gətirildi. Rusiya münaqişənin dondurulmuş şəkildə saxlanılmasından bəhrələnməyə çalışdığı halda, ABŞ məsələnin Ermənistanın maraqlarına uyğun həll edilməsində maraqlı olduğunu nümayiş etdirdi. ABŞ administrasiyası bu yolla Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırdı. Təsadüfi deyil ki, yenicə təyin olunmuş Amerikalı həmsədr M.Brayzanın fəal iştirakı ilə hazırlanan bəyanat iyunun 22-də qəbul edildi. Həmsədrlər bu sənədlə 2001-ci ildən sonra ilk dəfə birgə rəsmi açıqlama ilə çıxış edərək, müzakirəyə təklif etdikləri son variant haqda məlumat verdilər. Bu sənəddə göstərilirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinə “nizamasalmanın təməl prinsipləri” təqdim olunmuşdur. Həmin prinsiplər “Laçın və Kəlbəcərin xüsusi rolu nəzərə alınmaqla Dağlıq Qarabağ ətrafındakı ərazilərdən erməni qoşunlarının çıxarılmasını; Laçın və Kəlbəcərin boşaldılmasının sonraya saxlanılmasını”, gələcəkdə Dağlıq Qarabağın hüququ statusu ilə bağlı referendumun və yaxud səsvermənin  keçirilməsini; münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tuturdu. Ermənistan dərhal bu prinsiplər əsasında danışıqları davam etdirməyə hazır olduğunu bildirdi. Azərbaycan  hakimiyyəti isə təklif olunan varianta konkret mövqe nümayiş etdirmədi. Bir sıra Qeyri-hökümət təşkilatları və partiyalar bu variantın Azərbaycan  cəmiyyətinə sırınması, rəğbətlə qarşılanması üçün geniş fəaliyyətə başladılar, lakin ciddi nəticəyə nail ola bilmədilər. Obyektivlikdən uzaq olan bu variant da işğalçı Ermənistanın maraqlarına xidmət edirdi.

Həmsədrlər 22 iyun bəyanatı ilə öz mövqelərini açıqladıqdan sonra Azərbaycan  hakimiyyətinə təzyiqləri artırdılar. Bu təzyiqlər qarşısında Azərbaycanın güzəştə getmək istədiyi hiss olunurdu. Təsadüfi deyil ki, xarici işlər naziri E.Məmmədyarov 2006-cı ilin ikinci yarısında azərbaycanlılar Dağlıq Qarabağa qayıtdıqdan sonra orada referendumun keçirilməsinin mümkünlüyü haqda bəyanatlarla çıxış etdi. O, hətta referendumun müddəti ilə bağlı fərqli fikirlərin olduğunu da dilə gətirdi: “ermənilər referendumun 5, biz isə 15 ildən sonra keçirilməsini istəyirik”.

Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə 2007-ci ilin yanvarında Moskvada, martında Cenevrədə, aprelində Belqradda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri keçirildi. Bu görüşlərin nəticələri və müzakirə olunan məsələlərlə bağlı həmsədrlərin ayri-ayrılıqda açıqlamaları oldu. Cenevrədə təməl prinsiplərinin, o cümlədən, Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi, Qarabağdakı qondarma rejim üçün aralıq statusu verilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu bildirildi. Belqrad danışıqlarından sonra amerikalı həmsədr M.Brayza tərəflərin ötən il verilən əsas prinsiplərin bazasında razılaşmaya yaxın olduqlarını bəyan etdi. O, bu prinsiplərin Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsi, iki rayonla (Laçın və Kəlbəcər) bağlı müzakirələrin davam etdirilməsi, Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin təmin olunması, statusla bağlı referendum deyil, səsvermənin keçirilməsindən ibarət olduğu haqda məlumat verdi. Rusiyalı həmsədr Y.Merzlyakov isə “tərəflərin əsas prinsipləri razılaşdırmağa yaxın olduqlarını” təsdiq etdi. Y.Merzlyakovun az sonra verdiyi açıqlama həmsədrlərin bu nikbinliyinə və danışıqların hansı istiqamətdə getdiyinə aydınlıq gətirdi: “Rusiya Dağlıq Qarabağı müstəqil dövlət saymır, lakin bu o demək deyil ki, Rusiya onu Azərbaycanın hissəsi hesab edir... Bizim ölkə Azərbaycanın ərazi bütölüyünü tanıyır. Lakin bu o demək deyil ki, biz  Qarabağı Azərbaycanın hissəsi kimi tanıyırıq”. Azərbaycan  hakimiyyətinin danışıqların məzmunu ilə bağlı eyni vaxtda verdiyi açıqlamalar həmsədrlərin mövqeyi ilə ziddiyət təşkil edirdi. Prezident İ.Əliyev 2007-ci ilin may ayında Azərbaycanın konkret mövqeyi ilə bağlı ilk dəfə açıqlama verdi: “Əvvəlki danışıqlarda 5 rayonun boşaldılması məsələsi qoyulurdusa, son danışıqlarda 7 rayonun dərhal boşaldılması məsələsi müzakirə edilir... Laçın və Kəlbəcərin qaytarılması ilə bağlı heç bir şərt qoyula bilməz... Yalnız qaçqınlar öz torpaqlarına, o cümlədən Şuşa və digər yerlərə qayıtdıqdan sonra Qarabağın statusu məsələsi həll oluna bilər”. Ermənistan rejimi də eyni vaxtda əks mövqedən çıxış edərək, danışıqlarda Dağlıq Qarabağ ermənilərinin “öz müqəddaratını təyinetmə hüququnun” əsas məsələ kimi müzakirə olunduğunu bildirdi. Tərəflərin tamamilə zidd mövqelərdən çıxış etdiyi bir şəraitdə həmsədrlər yenidən xarici işlər nazirlərini bir araya gətirdilər. Bu görüş 2007-ci il noyabrın sonu dekabrın əvvəlində Madriddə təşkil edildi. Həmsədrlər müzakirələrdən sonra tərəflərə yeni təməl prinsiplərini təqdim etdilər. Yeni təməl prinsiplərinə münasibəti öyrənmək üçün həmsədrlərin 2008-ci ilin yanvarında Azərbaycan  və Ermənistan prezidentləri ilə keçirdikləri görüşlər heç bir nəticə vermədi.

 Danışıqların gedişində bəzi məsələlərə xüsusi diqqət yetirilir. 1997-ci idən başlayaraq tərəflər Laçınla bağlı məsələyə ayrılıqda baxmaq haqda razılıq əldə etmişlər. Minsk qrupu həmsədrlərinin 18 iyul 1997-ci il tarixli layihəsində Laçın dəhlizinin ATƏT-ə icarəyə verilməsi təklif olunurdu. Eyni zamanda Dağlıq Qarabağdakı qondarma rejimin ATƏT-lə müqavilə əsasında həmin dəhlizdən istifadə edəcəyi nəzərdə tutulurdu. 2 dekabr 1997-ci il tarixli layihədə isə işğalçı qoşunların yalnız 6 rayondan çıxarılması təklif olunur, Laçın isə ermənilərin nəzarəti altında qalırdı. 7 noyabr 1998-ci il tarixli layihədə də göstərilirdi ki, nizamasalınma prosesinin birinci mərhələsində erməni silahlı qüvvələri Laçında saxlanılır. Azərbaycan tərəfinin etirazlarına baxmayaraq, həmsədrlər bu mövqelərində təkid edirlər. Erməni tərəfi hesab edir ki, Laçın dəhlizinin eni ən azından 60 km olmalıdır. Onların fikrinə görə, Azərbaycan Ordusunun arsenalında olan silahlarla 25-35 km-lik məsafədə hədəfi vurmaq mümkündür. Ona görə də hər iki tərəfdən 30 km-lik radiusu olan dəhliz tələb edirlər. Ermənistan strateji əhəmiyyətli Kəlbəcər rayonunu da əlində saxlamağa çalışır. Kəlbəcər şimaldan 50 km-lik məsafədə Murov dağı, qərbdən Göycə (Sevan) dağ aşırımı ilə əhatələnir, şərqdə isə Dağlıq Qarabağın hüquqları ilə birləşir. İşğalçı qüvvələr Murov dağından yeganə keçidi-Ömər aşırımını nəzarətdə saxlayır. Ermənistanın Dağlıq Qarabağa Laçın ilə yanaşı ehtiyat yolu Kəlbəcərdən keçir. İşğalçı tərəf Kəlbəcərin geri qaytarılmasını Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi ilə şərtləndirir. Göründüyü kimi, Ermənistanın əsasssız iddialarından geri çəkilmək fikri yoxdur.

Ermənistan atəşkəsdən istifadə edərək, Dağlıq Qarabağ və ətraf rayonlarda işğalçı rejimi gücləndirməyə çalışır, bölgənin sərvətlərini vəhşicəsinə talayır. Rəsmi statistikaya görə, 1989-cu ildə Dağlıq Qarabağda 189 min nəfər, o cümlədən, 145,5 min nəfər (76,9%) erməni, 40,6 min nəfər (21,5%) azərbaycanlı və digər millətlərin nümayəndələri yaşayırdı. 2007-ci ilin əvvəlinə olan rəsmi məlumatlara görə isə, orada 137 min nəfər əhali yaşayılr. Ekspertlər bu rəqəmin xeyli şişirdildiyi, keçmiş vilayətin ərazisində 50-60 min nəfərdən artıq adamın yaşamadığı qənaətindədirlər. Ekspertlərin hesablamalarına görə, Xankəndində 23,5 min, Şuşada 5 min nəfərə qədər əhali yaşayır. Laçın şəhərinin adı dəyişdirilərək Berdzor, rayonun adı isə Kaşataq qoyulmuşdur. Laçında evlərin 85 faizi bərpa edilmişdir. Burada 10 min nəfərə yaxın erməni məskunlaşdırılmışdır. Kəlbəcər və Ağdam rayonlarına da əhali köçürülmüşdür. Kəlbəcər şəhərində evlərin yarıdan çoxu bərpa edilmiş, yeni binalar tikilmişdir. Kəndlərin də bəzilərində yaşayış vardır. Kəlbəcər şəhərində “Şaumyan rayonunun icra hakimiyyəti” deyilən qondarma qurum yaradılmışdır. Burada əsasən Şaumyan rayonundan olan ermənilər məskunlaşmişlar. Ağdam şəhəri yaxınlığındakı kəndlərdən birində 280-300 erməni yerləşdirilmişdir. Onlar buraya Marağa kəndindən gətirilimiş və məskunlaşdıqları məntəqənin adını dəyişərək Nor Marağa (Yeni Marağa) qoymuşlar. Dağlıq Qarabağdakı qondarma qurumun öz pasportları yoxdur. Xaricə getmək istəyənlər üçün Ermənistan pasportu verilir. Dağlıq Qarabağda aeroportlar fəaliyyət göstərmir, Xocalıdakı kiçik aeroport isə yalnız vertolyotlar üçün istifadə olunur. “DQR”-in illik büdcəsi 50-60 milyon ABŞ dolları təşkil edir. Onun 25-30 milyon dollarını “dövlətlərarası kredit” formasında Ermənistandan alır. ABŞ Ermənistandan sonra ikinci ölkədir ki, Dağlıq Qarabağdakı qondarma rejimə dövlət səviyyəsində yardım (ildə 20-25 milyon dollar) göstərir. 1998-ci ildə ABŞ Konqresi ilk dəfə Dağlıq Qarabağa ayrıca humanitar yardım göstərilməsi haqda qərar qəbul etdi. Dağlıq Qarabağda istifadə olunan elektrik enerjisinin 70 faizi özündə istehsal olunur, qalanını isə Ermənistandan alır. Dağlıq Qarabağda məskunlaşan gəlmə əhali torpağı yalnız 25 illiyə icarəyə götürə bilərlər. Bu məsəslə ilə bağlı Laçın istisna təşkil edir, orada torpaq özəlləşdirilmiş və əbədi istifadəyə verilir. Xarici müşahidəçilər Dağlıq Qarabağ ətrafındakı rayonlardan evlərin sökülərək kütləvi surətdə daşınmasının, çoxlu sayda ağacların qırılaraq aparılmasının, yeraltı sərvətlərin çıxarılaraq mənimsənilməsinin dəfələrlə şahidi olmuşlar.

Erməniləri başa düşmək olar, Qafqaza gəlmədirlər və torpaqları yoxdur. Ona görə də qonşulardan torpaq almağa çalışırlar. Yüz ildir ki, ermənilərin apardıqları torpaq davasıdır. Bir dəfə, 1918-ci ildə indi Ermənistan adlandırılan əraziləri öz dövlətlərini yaratmaları üçün ermənilərə verdiyimiz kifayətdir. İndi onlara verməyə torpağımız daha yoxdur. Təssüf ki, həm ermənilər, həm də beynəlxalq təşkilatlar bunu başa düşmək istəmir və səbrlə Azərbaycanın güzəştə gedəcəyi günü gözləyirlər. Beynəlxalq təşkilatlar, böyük dövlətlər müharibənin yenidən alovlanmasını istəmirlərsə, əbəs yerə gözləməməli, münaqişənin nizama salınması üçün qətiyyətli addım atmalıdırlar.  Qətiyyətli addım isə işğalçı tərəfin cəzalandırılması yönündə ola bilər. İşğalçı Ermənistan beynəlxalq hüquq normalarına uyğun olaraq bütün beynəlxalq təşkilatlardan xaric edilməli, uluslararası proseslərdən təcrid olunmalı və sanksiyalara məruz qalmalıdır. İraq, Liviya, Serbiya kimi dövlətlərə tətbiq olunan sanksiyalar Ermənistana da aid edilməlidir. İlk növbədə iqtisadi sanksiyalar tətbiq oluna bilər. Lakin beynəlxalq təşkilatlar, böyük dövlətlər bunu da etmək istəmir və, əksinə, işğalçı Ermənistana hərtərəfli yardım göstərməkdə davam edirlər. Bununla Ermənistanı şirnikləşdirir və işğalçı niyyətlərində israrlı olmağa həvəsləndirirlər. Amma ermənilər bu dəfə heç nəyə ümid etməməlidirlər. İşğalçı Ermənistan rejimi məkrli niyyətlərinə nail ola bilməyəcəkdir. Danışıqların davam etdirilməsi hələlik ermənilərə ümid verir. Azərbaycan  silahı işə düşəndə ermənilər ümidlərində yanıldıqlarını başa düşəcəklər. Ermənilər başqa dili yox, yalnız silah dilini yaxşı başa düşürlər. Ermənilər Azərbaycan  türkünün gücünü və silahını görəndə geri çəkiləcək və yerlərində oturacaqlar. Tarixdə həmişə belə olub. Erməniləri başa salmağın başqa yolu yoxdur.

   Beləliklə, Beynəlxalq təşkilatlar, o cümlədən, Minsk qrupu Qarabağ məsələsinin ədalətli prinsiplər əsasında nizama salınmasını, işğala məruz qalmış Azərbaycanın haqlı mövqeyini müdafiə etmək istəmirlər. Onlar bölgədə sabitliyin qorunub saxlanılmasında maraqlıdırlar. Lakin ötəri və müvəqqəti tədbirlərlə sabitliyi saxlamaq mümkün deyildir. Davamlı sabitlik yalnız ədalətli yanaşma ilə əldə oluna bilər. Bu gün bir-birini daxildə didib-dağıdan Ermənistan Rusiyanın dəstəyi ilə əldə etdiyi qələbə eyforiyasından tədricən uzaqlaşır və bu “qələbə”nin onun üçün hansı fəlakətləri gətirdiyini anlamağa başlayır. Müharibənin və atəşkəs dövrünün acı həqiqətlərindən dərs götürmüş Azərbaycan isə məğlubiyyəti qələbəyə çevirmək əzmindədir. BMT Baş Assambleyasındakı son səsvermə hər şeyi yerinə qoydu, hər şey aydın oldu. Hamı öz qərarını verdi, biz də qərarımızda ləngiməməliyik. Qarabağ bizi gözləyir və çağırır. Qüdrətli və ləyaqətli millətə, dövlətə doğru aparan yol Qarabağdan keçir. Başqa yol yoxdur!