ÊÀÐÀÁÀÕ â ÄÎÊÓÌÅÍÒÀÕ

 

 Íà÷àëî | ÁÈáëèîòåêà | Ôîòî ôàêòû | Êàðòèííàÿ ãàëåðåÿ | Ññûëêè | Ôîðóì | ÎïðîñÏîèñê â google | AZAD QARABAĞ |

Akif Nağı. Hərb meydanından keçən yeganə yol

Hərb meydanından keçən yeganə yol

Akif Nağı


“Sizə qarşı edilən pisliyi əfv edin, fəqət millətinizə qarşı ediləni əsla”.
Hz.Əli

Dönə-dönə deyilsə də, yenə də vurğulamalıyıq ki, ilk öncə Ermənistanın Azərbaycana qarşı təcavüzünün mahiyyətini dərk etməli, ümumi mövqe formalaşdırmalı və bu mövqenin dünya ictimaiyyətinə çatdırılmasına nail olmalıyıq.  Dünya yanlış olaraq hələ də məsələyə daha çox “Qarabağ münaqişəsi”, “Qarabağ problemi” kimi yanaşır, Yuxarı Qarabağı Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi kimi qəbul edir. Bu, səhv mövqedir və erməni təbliğatının nəticəsi olaraq meydana gəlmişdir. Ermənistan yarandığı gündən Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş və zaman-zaman bu iddialarını reallaşdırmaq üçün işğalçı və ilhaqçı əməllərə əl atmışdır. Ermənilər XIX əsrdə Rusiya imperiyası tərəfindən Qafqaza köçürüldükdən sonra yerli xalqların, birinci növbədə azərbaycanlıların torpaqları hesabına özlərinə yer etməyə çalışmışlar. Bəzi rəqəm və tarixləri bir daha yada salmalıyıq. 1905-1906-cı illərdə Azərbaycan kəndlərində qırğınların törədilməsi, 1918-1920-ci illərin qanlı hadisələri bu məqsədə xidmət etmişdir. 1918-ci ildə ilk erməni dövləti-Ermənistan respublikası da xarici dövlətlərin təkidi ilə Azərbaycan torpaqlarında, qədim İrəvan şəhəri və onun ətrafında yaradılmışdır. Zor gücünə millətlər arasında “sülh” yaratmış Sovet imperiyasının dövründə də, imperiyanın rəhbərliyinə daxil olan ermənilərin köməyi ilə Ermənistan Azərbaycanın yeni-yeni ərazilərini zəbt etmişdir. Belə ki, Ermənistan Azərbaycanın 1922-ci ildə Dərələyiz, 1929-cu ildə Meğri, 1938-ci ildə Sədərək və Kərki kəndlərinin bir hissəsini, 1969-cu ildə Laçın rayonunun Qaragöl yaylağının, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazisinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazisinin bir hissəsini, 1982-ci ildə Qazax rayonunun İncədərə yaylağını, Kəmərli, Aslanbəyli və Qaynaqlı kəndlərinin ərazilərinin hissələrini ələ keçirmişdir. 1986-cı ildə Qazax rayonunun daha 2500 hektarlıq ərazisi Ermənistan tərəfindən zəbt olunmuşdur. Azərbaycana qarşı erməni işğalçılığının arası heç vaxt kəsilməmiş və bu gün də həmin siyasət davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərini, o cümlədən Yuxarı Qarabağı işğal etmiş və onu həmişəlik Azərbaycandan qoparıb ələ keçirməyə çalışır. Ona görə də biz hər yerdə “Qarabağ münaqişəsi”, “Qarabağ problemi”ndən yox, Azərbaycana qarşı erməni təcavüzü və onun nəticələrinin aradan qaldırılması yollarından danışmalıyıq.

Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm ki, erməni işğalları hər dəfə xalqımızın biganəliyi, müqavimətsizliyi ilə müşayiət olunmuşdur. Biz ictimai müqaviməti təşkil edə, ortaya vahid iradə qoya, haqlı mövqeyimizi dünya ictimaiyyətinə çatdıra bilməmişik. Pərakəndəlik, xırda hisslər, ambisiyalar həmişə ümumi işlərimizə mane olmuş, bizi düşmənin qarşısında gücsüz və imkansız etmişdir.

Bu və digər amillərin təsiri altında bu gün erməni təcavüzünün nəticələrinin aradan qaldırılması müşkülə düşmüşdür. Reallıq ondan ibarətdir ki, Azərbaycan torpaqları işğal altındadır, beynəlxalq təşkilatlar işğal və təcavüz faktını tanımaq istəmirlər, Ermənistan haqsız iddialarından geri çəkilmək istəmir, Azərbaycan isə mövcud reallıqlarla barışmağa təhrik olunur. Yaranmış vəziyyətdən çıxış yolu axtarışları ilə bağlı 2 əsas mövqe arasında mübarizə gedir: siyasi vasitələr, yoxsa hərbi yol.

Erməni təcavüzünün nəticələrinin siyasi vasitələr, danışıqlar yolu ilə aradan qaldırılması artıq öz perspektivini itirmişdir. Danışıqlar yolunun perspektivsizliyi bir sıra amillərlə bağlıdır.

Əvvəla, beynəlxalq təşkilatların, birinci növbədə ATƏT-in və onun nəzdnində yaradılmış Minsk qrupunun fəaliyyəti təcavüzün nəticələrinin dinc vasitələrlə aradan qaldırılmasının qeyri-mümkünlüyünü nümayiş etdirmişdir. BMT yalnız məlum 4 qətnaməni (822, 853, 874, 884 saylı) verməklə kifayətlənmiş və özünü nizamasalma proseslərindən kənarlaşdıraraq, məsuliyyəti ATƏT-in üzərinə atmışdır. Bununla uzunmüddətli, üzücü və nəticəsiz danışıqlar üçün bilərəkdən şərait yaradılmışdır. BMT nizamasalma proseslərinə müdaxilə etmək üçün heç bir təşəbbüs göstərmir.

İkincisi, ATƏT-in Minsk qrupu çərçivəsindən kənar fəaliyyəti Ermənistanın təcavüz etməsi faktının üzərindən sükutla keçilməsinə, onun əsassız iddialarının ödənilməsinə, hadisələrin həqiqi mahiyyətinin gizlədilməsinə, Azərbaycanın bütün prinsipial məsələlərdə güzəştlərə məcbur edilməsinə yönəlmişdir. ATƏT-in Budapeşt sammitində (1994-cü il) Dağlıq Qarabağdakı işğalçı rejimi münaqişə tərəfi kimi tanıtdırmağa, Lissabon sammitində (1996-cı il) Dağlıq Qarabağ separatçılarına millətlərin öz müqəddəratını təyin etməsi hüququnu şamil etməyə, İstanbul sammitində (1999-cu il) və ATƏT-in iştirakı və yaxud rəhbərliyi altında keçirilən digər beynəlxalq forumlarda Azərbycanın ərazi bütövlüyü və suverenliyinə etinasızlıq göstərməyə cəhdlər edilmişdir. Avropa Şurası Parlament Assambleyasının 2002-ci il sentyabr, 2005-ci il yanvar sessiyalarında Azərbaycanın torpaqlarının işğala məruz qalması faktı təsdiq olunmuş, lakin elə bununla da kifayətlənmiş, işğalçı dövlətə qarşı heç bir konkret tədbir görülməmişdir.

Üçüncüsü, təcavüzün nəticələrinin aradan qaldırılması ilə bağlı məsələnin ATƏT-in ixtiyarına verilməsi, ümumiyyətlə, düzgün addım olmamışdır. Çünki ATƏT-in fəaliyyətində yalnız insan haqları, milli azlıqların hüquqları, mətbuat azadlığı kimi məsələlər prioritet təşkil edir. Buna görə də ATƏT və onun nəzdnində yaradılmış Minsk qrupu işğal faktı və onun nəticələrinin aradan qaldırılmasına deyil, Dağlıq Qarabağdakı erməni etnik azlığının, daha doğrusu, Ermənistanın işğal alətinə çevrilmiş bir ovuc separatçının hüquqlarını müdafiə etməyə üstünlük vermişdir.

Dördüncüsü, Minsk qrupunun 1997 və 1998-ci illərdə hazırladığı, yalnız 2001-ci ildə açıqladığı 3 həll variantı, Minsk qrupunun təşkilatçılığı ilə Parisdə və Ki-Uestdə aparılan danışıqlarda irəli sürülmüş təkliflər, həmçinin “Praqa prosesi” deyilən danışıqlarda müzakirə olunan məsələlər Azərbaycan xalqının mənafeyinə zidd, dövlətçiliyi əleyhinədir və məhz buna görə də nizamasalma prosesində əsas götürülə bilməz. Deməli, bu təkliflər əsasında aparılmış danışıqlar, həmçinin onların davam etdirilməsi öz mənasını itirir və qeyri-məqbul sayılmalıdır. Bu təkliflər içərisində Dağlıq Qarabağdakı işğalçı rejimin münaqişə tərəfi kimi təqdim olunması, təcavüzkar Ermənistanın məsuliyyətdən kənarda saxlanılması, “qeyri-anklavlıq” prinsipinin ortaya qoyulması, ərazi mübadiləsi məsələləri, separatçılar üçün status məsələsinin ön plana keçirilməsi və bu kimi digər məsələlər yolverilməzdir.

Beşincisi, bəzən belə bir fikir səslənir “ATƏT, Minsk qrupu və onun həmsədrləri mümkün olan hər şeyi etmişlər”. Görünür, bu fikri söyləyənlər təcavüzkar Ermənistanın mənafeyinə uyğun gedişlər edilməsinin mümkünlüyünü diqqətə çatdırırlar. Lakin Ermənistanın təcavüzkar və işğalçı olması faktı etiraf edilməsə, Minsk qrupu və onun həmsədrlərinin fəaliyyəti ilə münaqişənin həllində hər hansı müsbət nəticəyə nail olmaq mümkün deyildir. Çox vaxt şəxsi söhbətlərdə beynəlxalq təşkilatların nümayəndələri işğal faktı ilə razılaşır, lakin bu faktın qabardılmasının əhəmiyyət kəsb etmədiyini bildirirlər. Əslində isə danışıqların uğurla sonunclanması üçün ilk növbədə Ermənistan işğalçı tərəf kimi müəyyənləşdirilməlidir. Beynəlxalq təşkilatlar bu addımı atmaq istəmir.

Altıncısı, Ermənistanın rəhbərləri –R.Koçaryan, V.Oskanyan, S.Sarkisyan və digərləri dəfələrlə rəsmi qaydada bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması mümkün deyil. Ermənistan yalnız rəsmi bəyanatlarla kifayətlənmir və Dağlıq Qarabağın Ermənistana qəti şəkildə ilhaq edilməsi üçün konkret addımlar atır. Ermənistanda rəhbər vəzifələrə ( prezident də daxil olmaqla ) Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının seçilməsi, yaxud təyin olunması, Ermənistanın öz hərbi hissələrini Azərbaycanın Dağlıq Qarabağ ərazilərində yerləşdirməsi və orduya çağırılan Ermənistan vətəndaşlarının buraya hərbi xidmətə göndərilməsi, Ermənistan parlamenti tərəfindən DQMV-nin Ermənistana birləşdirilməsi haqqında hələ 1 dekabr 1991-ci il tarixdə qərarın qəbul edilməsi və onun bu günə qədər ləğv olunmaması, Dağlıq Qarabağın Ermənistanın maliyyə-pul dövriyyəsi məkanına daxil edilməsi, Ermənistanın illik iqtisadi inkişaf planlarına Dağlıq Qarabağın da daxil edilməsi və digər tədbirlər bu məqsədə xidmət edir. 

Yeddincisi, Ermənistanda obyektiv və subyektiv amillərin təsiri altında formalaşdırılmış ictimai rəy, ictimai və siyasi qüvvələrin müqaviməti, məsələnin bu şəkildə dondurulub saxlanılmasında maraqlı olan bir sıra xarici qüvvələrin təhdid və təzyiqləri də münaqişənin sülh danışıqları yolu ilə həllini, Ermənistanın öz iddialarından geri çəkilərək işğal olunmuş ərazilərdən çıxmasını mümkünsüz edir.

Bununla da Azərbaycana seçim imkanı verilmir və onu hərbi yola əl atmaq perspektivinə təhrik edirlər. Deməli, silah gücünə zəbt olunmuş ərazilər yalnız hərb yolu ilə azad edilə bilər. Azərbaycanın hərb yoluna əl atmaqdan başqa yolu yoxdur və bu yolda böyük şansları vardır.

Əvvəla, hərbi əməliyyatlarda halledici əhəmiyyət kəsb edən maddi və insan ehtiyyatları kimi amillər baxımından üstünlük Azərbaycanın tərəfindədir. Ermənistan yalnız xarici donorlara ümid edir. Azərbaycan isə əsasən öz daxili imkanlarına arxalanmaqla uğurlu hərbi əməliyyatlar apara bilər.     

İkincisi, Azərbaycan ordusunun döyüş keyfiyyətləri qarşı tərəflə müqayisədə üstündür. Tarixən Azərbaycan xalqı döyüşkənliyi ilə fərqlənmişdir, bunu ermənilər haqqında demək olmaz. Bu gün Azərbaycanın ərazilərinin zəbt edilməsi Ermənistan silahlı qüvvələri deyil, xarici qüvvələrin birbaşa iştirakı və rəhbərliyi, həmçinin Azərbaycanda daxili siyasi qeyri-stabillik amilləri ilə bağlı olmuşdur. Azərbaycan ordusu Ermənistan və onun müttəfiqlərindən üstünlüyünü hələ tam mütəşəkkil hala gətirilmədiyi 1991-ci ilin yaz-yay və 1992-ci ilin yay-payızındakı döyüş kampaniyalarında əyani şəkildə göstərmişdir.

Üçüncüsü, Azərbaycan əsgərinin şəxsi rəşadəti, kütləvi vətənpərvərlik hərəkatı, özünü qurban vemək qabiliyyəti bu müharibədə göstərilmişdir. Döyüş meydanlarında fərdi qəhrəmanlıq nümunələri yüzlərlədir.

Dördüncüsü, mənəvi-psixoloji üstünlük Azərbaycan tərəfindədir. Azərbaycan  öz torpaqlarında, işğal olunmuş əraziləri azad etmək uğrunda müharibə aparacaqdır. Bu, Azərbaycan tərəfindən ədalətli, Ermənistan tərəfindən işğalçı müharibədir. Dünya ictimaiyyətinin rəğbəti azadlıq müharibəsi aparan Azərbaycanın tərəfində olacaqdır.

Beşincisi, Azərbaycan axıra qədər beynəlxalq hüquq normalarına hörmətlə yanaşmış, təcavüzkar Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmasını gözləmişdir. Beynəlxalq hüquq normaları Azərbaycanın öz torpaqlarını hərbi güc işlətmək yolu ilə azad etməsinə və təcavüzün nəticələrinin aradan qaldırılmasına heç bir məhdudiyyət qoymur.

Altıncısı, Azərbaycanın hərbi müttəfiqlər qazanmaq şansları daha çoxdur. Bir sıra ölkələrin Azərbaycana dəstək vermək istəyi heç kəsdən gizlədilmir. Azərbaycanda iqtisadi maraqları olan ölkələrin də ən azı neytral mövqe tutacağı gözlənilir. Ermənistanı özünün strateji müttəfiqi hesab edən ölkələrin hər birində Azərbaycana qarşı onların açıq müharibədə iştirakına mane olacaq ciddi daxili amillər mövcuddur.

Müstəqil Azərbaycan dövlətçiliyinin taleyi Qarabağda həll olunur. Bir tərəfdən danışıqlar prosesinin perspektivsizliyi, digər tərəfdən Azərbaycanın daxili, xarici imkanları hərbi güc tətbiq etmək yolunu və qələbəni labüd edir. Beynəlxalq təşkilatlara ümid etməyin heç bir mənası yoxdur. Biz yalnız özümüz və yalnız hərbi yolla torpaqlarımızı özümüzə qaytara bilərik. Azərbaycan xalqı keçmiş və gələcək qarşısında öz insanlıq və vətəndaşlıq borcunu yerinə yetirməlidir!